ALLAHDAN BAŞQASINA QURBAN KƏSMƏK
Günümüzdə insanları Cəhənnəm qapısına döğru sürükləyən əməllərdən biri də Allahdan qeyrisi üçün kəsilən qurbanlardır. Ən dəhşətli hal isə insanların bu əməli din ilə əlaqələndirib, savab ummalarıdır. Əslində isə onlar bu əməli həyata keçirtməklə Allaha şərik qoşmuş olurlar. İslamdan öncə ərəb toplumunda Allahdan qeyrisi üçün qurban kəsmək bir adət halını almışdı. Onlar Allahdan qeyri tanrılara, bütlərə, müqəddəsləşdirdikləri adamlara qurban kəsirdilər.
İslamın gəlişi bütün bu növ şirk əməlləri aradan qaldırdı.Allahdan başqası adına kəsilənlər haram qılındı.Çünki kəsmə işi ancaq Allah üçün olmalıdır. Məhz bunun üçün də uca Allah, Məhəmməd peyğmbərə (s.a.s) namazını Allah üçün qılmasını, qurbanı da yenə Allah üçün kəsməsini əmr etdi “Rəbbin üçün namaz qıl və qurban kəs!”(Kövsər, 2)
Hz. Əlidən (Allah ondan razı olsun) belə bir hədis rəvayət olunur ki: "Məhəmməd peyğəmbər (s.a.s.) mənə dörd şey söylədi:Bunlardan biri də, Allahdan başaqasına qurban kəsənə Allahın lənət etməsidir.(Müslim)
Tarıq b. Şihabdan rəvayət edilmişdir ki, Allah Rəsulu (s.a.s.) belə buyurdu: “Bir insan cənnətə bir milçəyə görə girdi. Başqa biri də cəhənnəmə məhz milçəyə görə girdi. Bu necə olur ey Allahın Rəsulu dedilər. İki adam, bütü olan bir millətin olduğu yerə daxil oldular.. Bu bütə hər dəfə bir şeyin qurban edilməsi lazım idi. Biri digərinə, mənim kəsməyə bir şeyim yoxdur, dedi. Bu bütə bir milçək belə olsa kəs dedilər. O da bir milçəyi tutub həmin büt üçün kəsdi. Bu əməli ilə Cəhənnəmlik oldu. Digərinə də, bir qurban kəs, dedilər. Mən Allahdan başaqasına qurban kəsmərəm, dedi. Bu sözdən sonra onun başını vurdular. Və Cənnətlik oldu." (Əhməd)
Peyğəmbər (s.a.s) bu mömin kişini məhz bu əməlinə görə təriflədi. Həmçinin də Cənnətə getdiyini vurğuladı. Çünki o, ölümə səbr etmiş və Allahdan qeyrisi üçün qurban kəsməkdən boyun qaçırmışdı. Bunun hikməti isə o idi ki, bu gün Allahdan başqasına milçəyi qurban kəsən, sabah dəvəni qurban edə bilərdi.
Qurban kəsmək namaz qılmaq kimi bir ibadətdir. Namaz qılmaq yalnız Allah üçün olduğu kimi, qurban kəsmək də məhz Allah üçün olmalıdır. İslam şirkdən qaçmağa o qədər önəm vermişdir ki, Allahdan başqasına qurban kəsilən bir yerdə, Allah üçün qurban kəsməyi belə qadağan etmişdir. Qəbirlərin ətrafında, pirlərdə və ya ocaqlarda, Allahın adına heyvan kəsmək belə, insanları şirkə sürükləyə biləcək ilkin addımlardır. İslam insanları şirkə aparacaq bütün əməllərdən və mühitlərdən uzaq olmağı əmr edir.Allah bizləri ona şərik qoşmaqdan mühafizə etsin.Amin

